İçəri Şəhər — Bakı şəhərinin tarixi mərkəzidir. Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq
kompleksidir.
İçəri Şəhər kompleksi Xəzər dənizinin sahillərində, alçaq təpədə salınıb. Yaşayış məskəni hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatə olunmuşdur. Sahəsi 22 hektar olan ərazidə yerləşir. İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Qazıntılar göstərir ki, bu ərazi hələ tunc dövründə məskunlaşmışdır. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə – Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir.
Tarixi qoruq həm də faktiki yaşayış məskənidir, burada 1300 ailə yaşayır. İçəri Şəhər tarixən ümumi əlamətlərlə birləşən bu məhəllələrdən ibarətdir: Ağşalvarlılar, Gəmiçilər, Arabaçılar, Hamamçılar, Seyidlər, Cuhud Zeynallar (yəhudi məhəlləsi) və s. Şəhərə Şamaxı (XII əsr) və Salyan darvazalarından daxil olmaq olardı. XIX əsrin axırlarında daha bir neçə darvaza tikildi. Müxtəlif vaxtlarda inşaatçılar və arxeoloqlar yeraltı keçidlər aşkar etmişlər.
İçəri Şəhər kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır.
İçəri Şəhərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun Muzeyi, Azərbaycan Milli Ensiklopediyasının Ensiklopedik Mərkəzi yerləşir. Məhəllədə məhsulları oradakı sərgi salonunda nümayiş etdirilən xalça sexi də yerləşir.
Şirvanşahlar sarayından panoramlar
Şamaxı qapıları
Şərq qapıları, XII-XV əsrlər
Saray məscidi, XV əsr
Qız qalası, XII əsr
Məhəmməd məscidi, 1078-ci il
Seyid Yəhya Bakuvi mavzoleyi, XV əsr
Divanxana, XV əsr
İçəri Şəhərdə məhşur Azərbaycan və Sovet filmləri çəkilib. Onların arasında "Brilliant əl", "Amfibia-adam", "Aybolit-66", "Tehran-43", "Qorxma, mən səninləyəm" filmləri yer alır.
İçəri Şəhər bir-çox tanınmış rəssamların əsərlərində əks etdirilib. Qədim şəhərin küçə və memarlıq abidələrini E.Kempfer, A.Azimzadə, T.Salahov, A.Boqolyubov, Q.Qaqarin, V.Vereşaqin, A.Kuprin kimi rəssamların əsərlərində görmək olar. Bakını ilk təsvir edən 1630-cu ildə İsveç həkimi və səyahətçisi E.Kempfer sayılır.
A.Boqolyubov, Bakı, 1861.
V.Vereşaqin, Bakıdan görüntülər, 1877.
Q.Serqeyev, Bakı, 1796.
Jan Pyer Mone, Bakı, 1830.