Sari - Bütün dövrlərdə Azərbaycanda müxtəlif dinləri təmsil edən insanlar bir ailə kimi yaşayıblar
-


















HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 105


    TƏSADÜFİ FOTO




    TƏQVİM
    «  Dekabr 2016  »
    BeÇaÇşCaCmŞnBa
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031


    AXTAR


    MƏQALƏLƏRİN ARXİVİ


    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Cümə, 09.12.2016, 22:15
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        




    Mehriban Əliyeva: Bütün dövrlərdə Azərbaycanda müxtəlif dinləri təmsil edən insanlar bir ailə kimi yaşayıblar.

    İyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" imzalanıb, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

    İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can-Franko Ravazi bu səfərinə və Roma katakombalarının bərpası ilə bağlı layihənin reallaşmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirdi.

    Bugünkü görüşün səbirsizliklə gözlənildiyini deyən kardinal onun xüsusi əhəmiyyətini qeyd etdi. Kardinal Ravazi vurğuladı ki, bu gün imzalanacaq sənəd dinlər və mədəniyyətlərarası dialoqun parlaq nümunəsidir və İtaliya mətbuatında geniş əks-səda doğurmuşdur.
    Ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətinə toxunan kardinal dedi ki, bu günə qədər aramızda olan əməkdaşlıq onu göstərir ki, Azərbaycan açıq ölkədir.

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdən məmnunluq duyduğunu deyərək, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin əhəmiyyətini diqqətə çatdırdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, 20 ili tamam olan diplomatik əlaqələrimiz gündən-günə inkişaf edir və Azərbaycan bu əməkdaşlığın genişlənməsində maraqlıdır. "Mən ümidvaram ki, biz diplomatik əlaqələrimizin 20-ci ildönümünü Vatikanda xüsusi mərasimlə qeyd edəcəyik və təşkil olunacaq böyük sərgi Azərbaycan mədəniyyətinin nümunələrini izləyənləri yenə də heyran qoyacaqdır", - deyən Azərbaycanın birinci xanımı bu tədbirin Heydər Əliyev Fondu və Vatikanın təşəbbüsü ilə reallaşacağını vurğuladı.

    Sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpasına dair sazişin imzalanma mərasimi oldu.
    Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının katibi Covanni Karru bu layihənin icrasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirərək dedi:"Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası məqsədi ilə aparılacaq işlərə öz dəstəyini verəcək və həmçinin maliyyələşməni təmin edəcək, çox mərhəmətli iş aparacaq Heydər Əliyev Fondunun prezidenti, doktor Mehriban xanım Əliyevaya Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının katibi kimi dərin təşəkkürümü bildirmək istəyirəm. Bu addım İtaliya ərazisində yerləşən xristian katakombalarının qorunması və onların dəyərinin təmin edilməsi ilə məşğul olan Şuramızın nümayəndələri tərəfindən çox böyük yardım rəmzi kimi qəbul olunur. Əslində Azərbaycan Respublikası tərəfindən atılan bu addım bizdə çox böyük iftixar hissi yaradan bir işdir. Şuramızın üzvləri bundan böyük şərəf hissi duyur. Hələ ki tam tədqiq edilməmiş və çox zəngin olan ən qədimi xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasının həyata keçirilməsi nəzərdə tutulur. Aparılacaq bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini artıracaqdır. Biz görülən işlər barədə Fondun nümayəndələrinə daim məlumat verəcəyik. Bizi çox məmnun edən və həddən artıq böyük təşəkkürümüzə layiq olan bu əla və mühüm təşəbbüsə görə Heydər Əliyev Fonduna və onun prezidenti doktor Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirmək istərdim. Çox sağ olun, xanım Əliyeva".

    Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının səlahiyyətli nümayəndəsi Fabrisio Biskonti də mərasimdə çıxış edərək dedi:"Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və Lavikano küçəsində yerləşir. Öz məzarının və anası imperatriçə Yelenanın şərəfinə tikdirdiyi mavzoleyin yerləşdiyi bu katakomba imperator Konstantinin tolerantlığa verdiyi dəyərin göstəricisidir. Qeyd edim ki, saysız-hesabsız rəsm əsərləri də burada saxlanılır. Onların arasında 100-ə yaxın əsər var ki, bunların kiçik bir hissəsini məhz Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurası öz vəsaiti hesabına bərpa etmişdir.

    Bu baxımdan hazırda Heydər Əliyev Fondunun bizə göstərdiyi yardım tərəfimizdən olduqca yüksək dəyərləndirilir. Biz bundan böyük şərəf hissi duyuruq. Buna görə mən Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm ki, bu cür böyük xeyirxahlıq göstərib, bizim nüfuzlu arxeoloji abidəmizin bərpasına öz töhfəsini vermək qərarına gəlmişdir. Eyni zamanda, bildirmək istəyirəm ki, bərpa olunacaq əsərlər arasında Orfeyi əks etdirən şəkil də vardır. Bildiyiniz kimi, Orfey tarixdə xüsusi iz qoymuş bir şəxsiyyət olmuşdur. O, hətta müəyyən xəstəliklərdən əziyyət çəkən heyvanları öz hikməti ilə sağaldırdı. Hətta xristian aləminin Romada tam təşəkkül tapmasından öncə o, insanlar arasında həmin vaxtlar mövcud olan münasibətlərdən xəbər verən bir məqamdır, əslində bir dövrdür. O vaxt artıq açıq dini dialoqun mövcud olması müxtəlif mədəniyyətlər arasında sıx münasibətlərin təşəkkül tapdığı mühiti xarakterizə edir. Beləliklə, bu mühit məhz Fondun atdığı xeyirxah addım nəticəsində daha da möhkəmlənəcəkdir. Orfeyin çox ahəngdar melodiyası bizim hamımız üçün bir daha səslənəcəkdir. Orfey tarixi dövrlərdən başlayaraq insanlar arasında daha geniş, daha əhatəli dialoqun qurulmasına çalışırdı. Beləliklə, o, fikir və idraki ideyaların, inamın tarixini göz qabağında bir daha canlandırırdı. Bu da məhz Romada mövcud olan polietnik və çoxdinli mühiti lap ilkin vaxtlardan əks etdirirdi."

    Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi isə Heydər Əliyev Fondunun əməyi sayəsində baş tutacaq bu hadisəni müsəlman dünyasının xristian aləminə hədiyyəsi kimi xarakterizə edərək dedi:"Mən burada professor Biskontinin çıxışını dəstəkləyirəm. Bir daha bildirmək istəyirəm ki, bu abidə bizim üçün çox böyük rəmzi əhəmiyyət daşıyır. Əslində bu rəmz, bu abidə hətta kardinal səviyyəsinə ucalmağımda əsas səbəb kimi mənim fəaliyyətimdə böyük rol oynamışdır. Mən bundan çox böyük məmnunluq hissi duyuram. Bu gün məhz Orfeyin abidəsinin iki mühüm cəhəti vardır. Bunun biri ondan ibarətdir ki, bizim aramızda mövcud olan əməkdaşlıq daha da genişlənir. Əslində digər tərəfdən bu abidə yunan, Roma və xristian mədəniyyətlərinin bir-birinə qovuşmasını özündə əks etdirir, onların arasında müxtəlif səslərin bir araya gətirilməsinə, ahəngdar vəhdətin yaradılmasına imkan verir.

    Aparılacaq bu iş məhz Heydər Əliyev Fondunun yardımı sayəsində baş tutacaqdır. Bu addımın atılması xristian aləminin mühüm abidəsinə müsəlman dünyasının töhfəsidir. Əslində Roma şəhərində, ümumiyyətlə Romanın tarixində ilk hadisədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondu xristian aləminin incəsənəti, mənəvi dəyərləri, onun mədəniyyətinin daha da yaxşı şəkildə parlamasına öz töhfəsini verir. Digər tərəfdən isə bədii əhəmiyyət daşıyan əl işləri arasında bir vəhdət yaranır."

    Ravazinin sözlərinə görə, Azərbaycana səfəri zamanı o, böyük məmnunluq hissi ilə bu ölkənin gözəlliyini və orada olan abidələri gördü.
    "Beləliklə, bundan sonra azərbaycanlılar da Romaya səfər edərkən nəinki bu şəhərin gözəlliyini, həmçinin öz ölkələrinin dəstəyi ilə bərpa edilən mühüm bir abidəni görmək imkanına malik olacaqlar. Əlbəttə, ümidvarıq ki, bu abidə bərpa olunandan sonra onu ilk görəcək Azərbaycan vətəndaşı məhz Mehriban xanım Əliyeva olacaqdır. Eyni zamanda, bu münasibətlə keçiriləcək mərasimdə istərdik ki, Sizin həyat yoldaşınız, Azərbaycan Respublikasının Prezidenti cənab Əliyev də iştirak etsin. Xanım Mehriban Əliyeva, Sizə təşəkkür edirəm", kardinal deyib.
    Azərbaycanın birinci xanımı mərasimdə çıxış etdi.

    Mehriban Əliyeva mərasimin iştirakçılarını salamlayıb və bu qədim məkanda olduğundan məmnunluğunu bildirib.
    "Heydər Əliyev Fondunun fəaliyyəti və şəxsən mənim fəaliyyətim haqqında deyilən xoş sözlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu il dövlətlərimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü qeyd olunur. Ötən illər ərzində dövlətlərimiz arasında olduqca sıx və çoxşaxəli münasibətlər qurulub. Ümidvaram ki, bu səmərəli və faydalı əməkdaşlıq gələcəkdə də davam edəcəkdir. Bugünkü mərasim məhz bu istiqamətdə atılan növbəti addımdır. Heydər Əliyev Fondu təkcə Vatikan və xristian aləmində deyil, bütün dünya mədəniyyətində böyük əhəmiyyət kəsb edən, ümumbəşəri mədəni irsə aid olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında iştirak edəcəkdir. Katakombalar haqqında bu gün burada verdiyiniz məlumata görə mən sizə təşəkkür edirəm və əlbəttə, bərpadan sonra böyük məmnuniyyətlə onların açılışında iştirak edəcəyəm. Heydər Əliyev Fondu mədəni və tarixi irsin qorunmasına böyük əhəmiyyət verir və biz belə layihələri həm Azərbaycanda, həm də digər dövlətlərdə həyata keçiririk. Mən çox şadam ki, ümumbəşəri sərvət olan bu mədəni abidələrin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verəcəkdir", deyə Azərbaycanın birinci xanımı bildirib.

    Mehriban Əliyevanın sözlərinə görə, Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar.

    "Bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, bizim ən böyük sərvətlərimizdən biridir. 2002-ci ildə ölkəmizə səfəri zamanı Roma Papası II İoann Pavel Azərbaycanı Şərq ilə Qərb arasında qapı və dözümlülük nümunəsi adlandırmışdır. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mövzusunda böyük beynəlxalq görüşlər, forumlar məhz bizim ölkəmizdə keçirilir. Paytaxtımızın ev sahibliyi etdiyi əhəmiyyətli tədbirlər - 2010-cu ildə dünya dini liderlərinin zirvə toplantısı, 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Birinci Bakı Beynəlxalq 

    Humanitar Forumu bu sahədə atılan mühüm addımlar kimi qiymətləndirilir. Bu ilin oktyabrında paytaxtımızda İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcəkdir. Fürsətdən istifadə edərək sizi bu tədbirdə iştirak etməyə dəvət edirəm. Belə görüşlər, belə tədbirlər dünya liderlərini, ictimai xadimləri, insanları, xalqları bir araya gətirərək dialoqun, dözümlülüyün, qarşılıqlı hörmətin vacibliyini beynəlxalq arenada ön sıraya çıxarır. Əziz dostlar, sonda bir daha sizinlə bir arada olmağımdan məmnunluğumu bildirmək istəyirəm. Mən çox şadam ki, belə bir mühüm layihəyə bu gün start verilir. Dövlətlərimiz arasında mehriban münasibətlərin qurulmasında əməyi olan bütün dostlarımıza və şəxsən kardinal Ravaziyə dərin minnətdarlığımı bildirirəm. Mən sizi bir daha Azərbaycana dəvət edirəm, sizə cansağlığı və əmin-amanlıq arzulayıram", Azərbaycanın birinci xanımı deyib.

    Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can-Franko Ravazi katakombaların bərpasına dair ikitərəfli Sazişi imzaladılar.

    Tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi mətbuat nümayəndələrinin suallarını cavablandırdılar.

    Rusiyanın İTAR-TASS agentliyinin müxbiri: Sizin nəcib təşəbbüsünüz Appenin yarımadası və bütün Qərb xristian dünyasında böyük təəssürat yaradıb. Mümkündürsə, hazırda Heydər Əliyev Fondunun hansı humanitar və mədəni tədbirləri həyata keçirdiyi barədə danışasınız.

    Mehriban xanım Əliyeva: Siz düzgün qeyd etdiniz, yarandığı ilk gündən Heydər Əliyev Fondu nəinki Azərbaycanın, eləcə də ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Biz bir sıra iri layihələr həyata keçirmişik. Bizim "Azərbaycan - tolerantlığın ünvanı" layihəmiz vardır. Bu layihə çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada biz Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də iştirak etmişik. Mən bir daha qeyd etmək istərdim ki, bu layihəni çox vacib hesab edirəm. Çünki dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Bu, Fondun siyasətidir və inanıram ki, məhz mədəniyyət, mədəni irs sadə olmayan bugünkü dünyanı birləşdirə bilər. Təşəkkür edirəm.

    İtaliyanın "Repubblica" qəzetinin müxbiri: Sualım kardinal həzrətləri Ravaziyədir. Bilirik ki, əslində bu cür bərpa işlərinin məhz müsəlman ölkəsinin verdiyi dəstək sayəsində aparılması ilk addımdır. Sizinlə bir neçə dəfə görüşmək imkanımız olmuşdur. Mən Sizə əvvəllər də belə suallar vermişəm. Bu günlərdə müsəlman dünyası ilə xristian aləmi arasındakı münasibətləri nəzərə alaraq bilmək istərdik ki, sizin fikrinizcə bundan sonra da digər müsəlman ölkələrindən də belə dəstəyin, yardımın göstərilməsi gözlənilən haldırmı?
    İcazənizlə mən Mehriban xanım Əliyevaya da sual verim. Mehriban xanım, biz bilmək istərdik ki, həyata keçirdiyiniz bu layihədən sonra Sizin planlarınızda apardığınız işi daha da genişləndirmək, bu cür digər sahələri də əhatə etmək fikriniz vardırmı?

    Kardinal Ravazi: Sizin sualınızla əlaqədar onu qeyd etmək istəyirəm ki, müqəddəs "İncil"də də xeyirxah addımların atılması hər zaman çox vacib hesab edilmişdir. Lakin katolik aləmə gəldikdə mən deyərdim ki, bizim dinə aid olan on şəxsi götürsək, onların arasında bir nəfər digər dinə aid şəxs olarsa, bu zaman görərik ki, məhz həmin şəxs tərəfindən bizim irsə daha həssas yanaşma vardır, nəinki özümüzünkülərdə. Odur ki, Azərbaycan tərəfindən göstərilən bu jestə görə dərin təşəkkürümüzü bildiririk. Çünki görürük ki, sizin atdığınız bu addımın çox böyük rəmzi əhəmiyyəti vardır.

    Bu ilin sonunda müqəddəs Taxt-Tacda Azərbaycan tərəfindən növbəti sərginin təşkil olunması planlaşdırılır. Sərginin keçiriləcəyi yerə gəldikdə bu, ya Vatikan muzeyi, ya da bu kimi başqa yerlər olacaqdır.
    Biz digər müsəlman ölkələri ilə də bu cür dialoq aparmağa, mədəniyyət sahəsində işbirliyi qurmağa hazırıq. Bizim aramızda bu cür görüşlər baş tuta bilər. Bu görüşlər həm elmi dairələr, həm xristian, həm müsəlman aləminin ilahiyyat ekspertləri, həmçinin Azərbaycanın və ya digər müsəlman ölkələrinin mədəniyyət işçiləri arasında baş tuta bilər.

    Sonda mən bir daha onu etiraf etmək istəyirəm ki, bu abidənin bərpası ilə bağlı biz öz tərəfimizdən - müqəddəs Taxt-Tac tərəfindən bu cür çağırış etmişdik. Mən sizə deyim ki, biz bu müraciəti bir çox digər xristian fondlarına, təşkilatlarına bildirmişdik. Lakin ilk olaraq bizim yardımımıza gələn müsəlman ölkəsinin Fondu, müsəlman icmasının nümayəndələri oldu.

    Mehriban xanım Əliyeva: Mən qeyd etmək istərdim ki, Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin çox qədim və çox möhkəm kökləri vardır. Əsrlər boyu Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynamışdır. Xalqımızın ən gözəl xüsusiyyətlərindən biri bütün millətlərə, bütün dinlərə, bütün mədəniyyətlərə böyük hörmətlə yanaşmasıdır. Hesab edirəm ki, bugünkü gərgin dünyada bu, çox gözəl və böyük bir sərvətdir. Biz inanırıq ki, yalnız dialoq, yalnız dözümlülük vasitəsilə insanları bir araya gətirmək olar. Biz buna səy göstəririk.

    Gələcək layihələr haqqında mən yalnız onu deyə bilərəm ki, Heydər Əliyev Fondu belə layihələri həyata keçirməyə hazırdır və təkliflər üçün açıqdır.
    Bir daha hörməti kardinal Ravaziyə bu əməkdaşlığa görə minnətdarlığımı bildirirəm. Konkret olaraq, biz bir müddət bundan əvvəl Vatikan kitabxanasında qədim əlyazmaların bərpasını artıq həyata keçirmişik. Mən ümidvaram ki, bu layihə davam edə bilər. Biz buna hazırıq.

    Azərbaycan Televiziyasının müxbiri: Cənab Ravazi, siz Vatikan ilə Azərbaycan arasında formalaşan əməkdaşlıqdan bu gün razılıq ifadə etdiniz. Ola bilərmi ki, gələcəkdə müsəlman dünyası ilə xristian dünyası arasında Azərbaycan modeli bir platforma rolunu oynasın və siz digər müsəlman ölkələri ilə də münasibətlərdə bu modeldəki yaxşı nümunələrdən istifadə edə biləsiniz?

    Kardinal Ravazi: Təbii ki, bu tədbir, atılan bu addım Roma şəhərində yerləşən və bizim mühüm reallığımızı özündə əks etdirən, çox əhəmiyyətli bir abidə hesab olunan katakombaların bərpası özlüyündə çox böyük rəmzi xarakter daşıyan bir aktdır. Əslində, bundan əvvəl aparılmış və artıq başa çatdırılmış bu işin, yəni, Vatikan kitabxanasında qədim Azərbaycan əlyazmalarının bərpasının ən böyük əhəmiyyəti ondan ibarət idi ki, elmi dairələrə öz tədqiqatlarını məhz həmin əlyazmaların üzərində aparmaq üçün əlavə imkan yaradıldı. Katakombalarda bərpa işi başa çatdırıldıqdan sonra təbii ki, bura zəvvarların və turistlərin üzünə açıq elan olunacaqdır. Qonaqlar birbaşa görəcəklər ki, məhz burada xalqlar arasında, dinlər arasında konkret dialoq, onların ünsiyyəti nə dərəcədə mümkündür. Əslində bu, həm müsəlman aləmi, həm xristian dünyası üçün bir növ bütün çətinliklərə baxmayaraq, dialoqun aparılmasının, qarşılıqlı ünsiyyətin qurulmasının bir rəmzinə çevriləcəkdir.

    Müxbir: Mənim sualım Mehriban xanım Əliyevayadır. Soruşmaq istərdim ki, bu katakombaların bərpası nə vaxt başa çatdırılacaqdır?
    Mehriban xanım Əliyeva: Katakombaların bərpası nə qədər vaxt tələb edərsə. Yəqin ki, bunu alimlər daha yaxşı bilir. Bu sualı onlara ünvanlasanız daha doğru olar. Çünki burada texniki işlərdən başqa daha çox elmi işlər də olmalıdır. Məndə olan məlumata görə, bu proses bir neçə mərhələdə aparılacaqdır. Ümidvaram ki, birinci mərhələ gələn il sona çatacaqdır. Məhz bu layihə üzrə bizim əməkdaşlığımız bu gündən üç il davam edəcəkdir. Gələcəkdə biz bu cür layihələrdə iştirak etməyə yenidən hazırıq.

    "Repubblica" qəzetinin müxbiri: İcazənizlə, sonuncu sualı vermək istəyirəm. Bu sualım Mehriban Əliyevayadır.
    Əslində, biz gözəl bilirik ki, Azərbaycan ilə Türkiyəni tarixi, mədəni və hətta dil baxımdan çox böyük, sıx əlaqələr bağlayır. Biz bilirik ki, Mehriban xanım türk dilində çox gözəl danışır. Biz bilirik ki, o, İstanbula səfər edir, orada çox gözəl çıxışlar edir. Bu kimi təşəbbüs Azərbaycan tərəfindən göstərilibdir. İndi bilmək istərdik ki, sizin yerləşdiyiniz coğrafi regionda qonşu ölkələrin hər hansı biri tərəfindən əks-səda, onların reaksiyası, hətta qısqanc münasibəti kimi bir hal yaranıbmı? Yoxsa bu, elə Azərbaycan tərəfindən atılan bir addımdır və onunla bağlı hər hansı qonşu ölkədən rəy gəlmir?

    Mehriban xanım Əliyeva: Mən bir daha qeyd etmək istərdim ki, bu, Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biridir. Təsadüfi deyildir ki, bu gün Azərbaycanda belə görüşlərin, belə forumların, belə toplantıların keçirilməsinə, yəni, Şərq ilə Qərb arasında, xristian dünyası ilə müsəlman aləmi arasında, müxtəlif mədəniyyətlər arasında dialoqun qurulmasına ən yüksək dövlət səviyyəsində çox böyük əhəmiyyət verilir. Bu baxımdan Azərbaycan bu gün müsəlman ölkəsi kimi dünya üçün bir nümunə ola bilər.

    Konkret bu layihəyə gəldikdə isə, onun əks-sədası haqqında mənim hələ bir məlumatım yoxdur. Amma əminəm ki, bu, həm regionda, həm qonşularımız tərəfindən, həm də bəlkə daha geniş miqyasda yalnız və yalnız müsbət qəbul olunacaqdır.






      

    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2016. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском