İlk dəfə İspaniyadakı vətəndaş müharibəsində (1936-1939) frankoçular tərəfindən istifadə olunan yanar şüşəyə Molotovun adını finnlər qoyublar.
Finn müharibəsinə (1939-1940) başlayan SSRİ Helsinkini havadan bombalayırdı. Beynəlxalq ictimaiyyətin tənqidlərinə cavab olaraq xarici işlər naziri Molotov rəsmi bəyanat verdi ki, sovet hərbi təyyarələri Finnlandiyanın paytaxtına bomba deyil, acından əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar.
Bəyanatı kinayə ilə qarşılayan finnlər aviabombaları "Molotovun çörək səbətləri" adlandırırdılar. Zəif silahlanmış Finn ordusu ölkələrinə soxulmuş sovet tanklarını "humanitar yolla" - içərisinə yanacaq doldurulmuş şüşələrlə qarşılayırdılar və onları "Molotov üçün kokteyl" adlandırırdılar. Sonralar üçün sözü itib, "Molotov kokteyli" qaldı.
Yeni silah effektiv oldu və Sovetlər Birliyi müharibəni praktiki olaraq uduzdu.
Sovet təbliğatına xas olan yüzlərlə yalanlardan biri Vyacheslav Molotovun adını bəşər tarixinə saldı. 70 ildir dünyanın müxtəlif yerlərində baş verən toqquşmalardan xəbər yayan jurnalistlər bu termindən istifadə edirlər.