
Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1” orbitdəki 46 dərəcə şərq uzunluğundakı yerini tutub.
Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Ə.Abbasov qeyd edib ki, təxminən 20 gün 1 ay müddətində Azərbaycan mütəxəssisləri peykin sınağını keçirəcəklər. Sonra isə onun kommersiya işlərinə başlanacaq: "Bildiyiniz kimi, peyk və Yerüstü İdarəetmə Mərkəzi, ikiqat sığorta ilə birlikdə layihənin ümumi qiyməti 230 milyon dollardır. Onun 15 illik istismar dövründə 650 milyon dollar gəlir gətirməsi gözlənilir”.
Qeyd edək ki, Azərbaycanın ilk telekommunikasiya peyki fevarlın 8-də Fransa Qvianasındakı Kuru Kosmodromundan "Arian Space” şirkətinin "Ariane-5” raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılıb.
Şərq istiqamətində 46-cı dərəcədə yerləşəcək peyk Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika üçün kommunikasiya xidmətlərini təmin edəcək.
Peyk resurslarının 20 faizi Azərbaycanın yerli tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaq.