Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika əhalisinin təbii qaza olan təlabatının ödənilməsi məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər uğurla davam etdirilir.
Görülmüş işlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış massivləri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturundakı mövcud problemlər intensiv şəkildə aradan qaldırılır. İyunun 25-də Lənkəran rayonunun Nərimanabad və Üzümçülük kəndlərinə təbii qaz verilmişdir.
Bu münasibətlə Nərimanabad kəndində keçirilmiş mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və SOCAR rəhbərliyinin, habelə Lənkəran rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
SOCAR prezidentinə məlumat verilmişdir ki, hər iki kəndə qaz verilişi bərpa olunur. Bu məqsədlə 754 abonenti olan Nərimanabad kəndinə birpilləli sistem əsasında ümumi uzunluğu 28214 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 754 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Üzümçülük kəndinə isə uzunluğu 8528 metr müxtəlif diametrli metal, 901 metr muxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 167 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Açılış mərasimində çıxış edən Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə hər iki kəndin sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur.
Rövnəq Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.
|