Uşaq hüquqları konvensiyasında 18 yaşına çatmamış şəxslərin uşaq sayıldığı müəyyən olunduğundan, 18 yaşına çatmamış şəxslərin nikaha daxil olması əslində uşaq nikahı sayılır. Burada müzakirə etdiyimiz bu fenomen Azərbaycanda "erkən nikah” adlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsi qızlara 17 yaşında nikah qurmağa icazə verir, lakin dini və mədəni adətlər, eləcə də yoxsulluq üzündən bəzi regionlarda azyaşlı qız uşaqlarının nikah qurması geniş qəbul edilmiş bir haldır. Bu nikahlar qanunsuz olduğundan, onlar dövlət orqanlarında qeydiyyata alınmır və beləliklə də, bu problemin miqyasını asanlıqla müəyyən etmək mümkün deyil.
Böyük şəhərlərdə erkən nikahlar geniş yayılmadığı halda, təhsilin zəif olduğu və qadınlar üçün iqtisadi imkanların məhdud olduğu bəzi əyalətlərdə və dağlıq rayonlarda bu kimi hallar geniş yayılmışdır.
Mütəxəssislər tərəfindən qeyd olunur ki, qız xeylağının ərdə olmaması ilə bağlı sosial stiqma üzündən 14 yaşında qızın ərə getməsi, qızların 15 və ya 16 yaşında ailə qurması geniş yayılmış hallardır. Belə regionlarda nikah qurmaq və uşaq dünyaya gətirmək qadının nail ola biləcəyi ən yüksək nailiyyət hesab olunur.
Müəllimləri erkən nikahlar üzrə təlimləndirmək və erkən nikahın qanun pozuntusu olması ilə yanaşı (təkcə Mülki Məcəllədə deyil, həm də müəyyən yaşa çatmadan cinsi münasibətdə olmağı qadağan edən qanun: Azərbaycanda qızlar üçün cinsi əlaqədə olmağa yol verilən yaş 16dır), erkən hamiləliyin fiziki risklərini və valideynlərdən erkən dövrdə ayrılmanın emosional stresslərini izah etmək üçün QHT-lər UNICEF ilə əməkdaşlıq edir.
Nikah qurmağın yubadılmasının təhsili başa çatdirmaq, eləcə də ali təhsil almaq kimi üstünlükləri təşviq olunur. Erkən nikahlar ilə mübarizə uşaq hüquqlarının müdafiə edilməsinə, və gənc qadınların səlahiyyətləndirilməsinə önəmli dərəcədə töhfə verən amildir.
Hesab olunur ki, erkən nikahlar yoxsulluğa və qadınlara qarşı ayrı-seçkiliyə səbəb olaraq insan hüquqlarının pozulması üçün şərait yaradır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Beynəlxalq Sosial Tədqiqatlar Mərkəzi və UNICEF-in həyata keçirdiyi ölkənin dörd regionundan 488 respondenti əhatə edən tədqiqat nəticəsində məlum olmuşdur ki, aşkarlanmış erkən nikahların təxminən 58%-i qızların tam razılığı olmadan baş verir. 16 yaşınadək qızlar heç bir hüquqi zəmanət olmadan nikah qurur, çünki onların nikahı rəsmi qaydada deyil, dini qaydada qeydiyyata alınır. Bundan başqa, həmin qızlar sağlam ailənin qurulmasına töhfə vermək üçün müvafiq bacarıq və biliklərə malik deyillər və onların fiziki inkişafı da buna imkan vermir. Dəlillərə əsaslanan tədqiqatlar da göstərir ki, təhsil həm ananın, həm də uşağın sağlamlığı üçün çox önəmlidir. Ana nə qədər yüksək təhsilli olarsa, onun uşağının ölmə ehtimalı bir o qədər az olar. Təhsil həm də qızlar arasında yeniyetməlik dövründə hamiləlik və uşağın doğumu ilə bağlı sağlamlıq risklərini şərtləndirən erkən nikahların qarşısının alınmasına da yardım edir. 2006-cı il tarixli Demoqrafik və Səhiyyə Tədqiqatının nəticələrinə görə körpənin bir yaşına çatmadan ölmə ehtimalı 20-29 yaşlı analar ilə müqayisədə 20 yaşadək analar üçün 1.8 dəfə yüksəkdir. Tədqiqat nəticəsində məlum olmuşdur ki, belə nikahlar əsasən müxtəlif regionlarda üstünlük təşkil edən mədəni və sosial-iqtisadi faktorlar üzündən baş verir. Tədqiqat ilə əhatə edilmiş halların 77%-də valideynlər uşaqlarını evləndirmək qərarını uşaqların razılığı olmadan qəbul edir, və təəssüf ki, belə yanaşma müsahibəyə cəlb olunanların 55%-i tərəfindən müsbət qarşılanır. Praktika göstərir ki, boşanmış gənc qızlar insan alverinə daha həssas olur. "Ən yaxşı” halda, onlar həyatları boyu psixoloji sarsıntı və əzab keçirirlər, bu isə ümumi əhalinin rifahı üzərinə bərpası mümkün olmayan mənfi təsiri şərtləndir. Beləliklə, erkən nikahlar baş verdikdə yeniyetmə qızlar ailə qurduqdan sonra təhsili atmağa sövq edildikdən onların təhsil almaq hüquqları pozulur. Vəziyyəti daha da ağırlaşdıran amil ondan ibarətdir ki, onlar öz həyatları ilə bağlı qərarları qəbul etmək hüququndan da məhrum olunurlar. DST-nin nəticələrindən məlum olmuşdur ki, nikaha daxil olan qadınların yalnız 20%-i öz sağlamlıqları ilə bağlı qərar qəbul etmək iqtidarınadır, 52%-i isə ərləri ilə birgə qərar qəbul edir, 28%-də isə digərləri onların əvəzinə qərar qəbul edir. Azərbaycanda hüquqi nikah yaşının qızlar üçün 17 yaş olmasına baxmayaraq, qanun xüsusi hallarda bu yaşın 16-ya endirilməsinə yol verir. Digər narahatçılıq isə təhsil haqqında qanun layihəsi ilə bağlıdır, belə ki, qanunda icbari təhsilin on bir ildən doqquz ilə azaldılması nəzərdə tutulur, bu isə valideynlər tərəfindən qızların 15-yaşına çatdıqda nikah qurmağa sövq edilməsini asanlaşdırır.
Erkən nikahlar dağıdıcı təsirə malik sosial fenomendir, lakin müvafiq qanunvericiliyə dəyişikliklərin edilməsindən qadınların səlahiyyətləndirilməsinədək geniş çeşidli əhatəli əks tədbirlər həyata keçirildiyi təqdirdə erkən nikahların qarşısının alınması mümkündür. Beləliklə, həyata keçirilməli tədbirlər qanunvericilik bazasına müvafiq düzəlişlərin edilməsi, erkən nikahların qarşısının alınması məqsədilə hökumət təşkilatlarının səfərbər edilməsi və erkən nikahların mənfi nəticələri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasından ibarətdir ki, UNICEF-in Azərbaycan nümayəndəliyi də bu sahələri təkidlə təşviq edir.
|